Sumqayıt Tekstil Fabrikində (STF) ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək məqsədilə ağacəkmə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində fabrikin ərazisində müxtəlif ağac tingləri əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi və ərazinin abadlaşdırılması istiqamətində işlər həyata keçirilib. STF əməkdaşları aksiyada fəal iştirak edərək ağacların əkilməsi və ətraf ərazinin yaşıllaşdırılmasına öz töhfələrini veriblər.
Təşəbbüs yalnız ətraf mühitin qorunmasına deyil, eyni zamanda əməkdaşlar arasında birlik və komanda ruhunun gücləndirilməsinə xidmət edib. Müxtəlif struktur və istehsal sahələrində çalışan əməkdaşların birgə iştirakı ilə keçirilən aksiya ekoloji məsuliyyətin hər birimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirib.
Q-STP olaraq dayanıqlı inkişaf prinsiplərinə, ətraf mühitə məsuliyyətli yanaşmaya və gələcək nəsillər üçün daha yaşıl mühitin formalaşdırılmasına önəm veririk. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərlə ekoloji dəyərlərin təşviqinə və daha sağlam ətraf mühitin yaradılmasına töhfə verməyə davam edəcəyik.
Bu gün əkilən hər bir ağac daha yaşıl gələcəyə atılan addımdır.
